Nağılların gücü

Bir insanı inandırmaq nə qədər asandır, ya da onu yönləndirmək? Bu sualın cavabı insan psixologiyasının dərinliklərində gizlənir. Əslində, həyatımızın ilk anlarından etibarən biz müxtəlif təsirlərə məruz qalırıq: valideynlərimizin davranışları, müəllimlərin sözləri, dostlarımızın təsiri və hətta cizgi filmlərindəki, nağıllardakı qəhrəmanlar belə bizim şəxsiyyətimizin formalaşmasında rol oynayır. Düşünəndə görürük ki, insan heç vaxt tam sərbəst olmur. Biz doğulduğumuz andan etibarən ətrafımızdakıların təsiri altına düşür və hətta təsadüfi eşitdiyimiz bir cümlə belə həyatımızda dərin izlər buraxır. Bu təsirlər, xüsusilə də uşaq yaşlarında, insanın həyat yolunu formalaşdıran ən güclü vasitələrə çevrilir.
Uşaqlıq illəri, insan həyatında təməl mərhələdir. Bu dövrdə yaranan inanclar, qorxular və düşüncə formaları insanın gələcək həyatına istiqamət verir. Məhz bu səbəbdən də, uşaqların tərbiyəsi və düzgün yönləndirilməsi ailə və cəmiyyət üçün ən vacib məsələlərdən biridir. Və bu məsələni ən incə, ən təsirli şəkildə həll etməyin yollarından biri də əlbəttə ki, nağıllardır.
Nağıllarla tərbiyənin sirri nədir?
Uşaqlarla işləyən psixoloqların, pedaqoqların və təcrübəli valideynlərin fikirləri üst-üstə düşür: uşağın zehninə və qəlbinə toxunmaq, onu inandırmaq və davranışını dəyişmək istəyirsənsə, nağıl danış!
Bəli, məhz nağıl! Nağıl sadəcə uydurma bir hekayə deyil. O, uşağın dünyasına sanki sehrli bir qapı açır. Nağılların dili uşağın anlayacağı sadəlikdə olsa da, verdiyi mesajlar çox dərindir. Çünki nağıl birbaşa əmr və ya təlimat deyil. O, uşağın təxəyyül dünyasında öz yerini tapan bir vasitədir. Uşaq nağıldakı qəhrəmanla özünü eyniləşdirir, onun yaşadıqlarını sanki özü yaşayır. Hekayə qəhrəmanın yerinə özünü qoyur, həmin davranışları təqlid edir. Nəticədə uydurulmuş bir qəhrəmanın etdiyi səhvdən nəticə çıxarır, onun doğru addımlarına isə heyran qalır. Beləliklə, bu kiçik adam nağıl qəhrəmanlarının düzgün davranışlarını həyat devizinə çevirməyə başlayır.
Əgər bir valideyn övladına “yalan danışmaq pisdir” desə, uşaq bunu sadəcə bir qadağa kimi qəbul edər. Amma həmin fikri bir nağılın içində məsələn, yalan danışan bir qəhrəmanın başına gələnlər vasitəsilə izah etsə, uşaq bu fikri daha dərindən anlayar və bunun pis əməl olduğunu dərk edər.
Psixoloqlar nə deyir?
Uşaq psixologiyası üzrə mütəxəssislərin fikrinə görə, 0–6 yaş dövrü insan şüurunun formalaşmasında ən kritik mərhələdir. Bu yaş aralığı “şəxsiyyətin formalaşma mərhələsi” kimi qəbul edilir. Qeyd etdiyimiz yaş dövründə eşidilən hər söz, izlənilən hər davranış, yaşanılan hər hadisə insanın alt şüurunda iz qoyur. 0–6 yaş aralığında formalaşan inanclar, qorxular, davranış modelləri və dəyərlər ömür boyu insanla birlikdə qalır. Başqa sözlə desək, bu yaş dövrü insanın daxili “kodlarını” müəyyənləşdirir. Bu səbəbdən nağıllarla verilən dəyərlər, təlqinlər və davranış nümunələri həmin dövrdə daha dərin və təsirli olur. Şüuraltımıza ensək, bu yaş dövründə bizlərə deyilən,təlqin olunan inancların, qorxuların, yaxşı və pis hadisələrin hələ də təsirində olduğumuzu görə bilərik.
Biz bu dövrdə ya sevgi və güvən ilə formalaşırıq, ya da qorxu və qadağalarla sıxışdırılmış bir şəxsiyyətə çevrilirik. Elə bu səbəbdən də, uşağa nağıl vasitəsilə sevgi, dürüstlük, paylaşmaq, hörmət, məsuliyyət kimi anlayışları aşılayan ailələr, cəmiyyətin gələcəyinə ən dəyərli sərmayəni yatırmış olurlar.
Nağıl təkcə yatızdırmaq üçün deyil
Təəssüf ki, bir çox valideyn nağıl danışmağı yalnız uşağı yatızdırmaq üçün bir vasitə kimi görür. Halbuki bu, uşağın psixoloji inkişafında, dil bacarığında, empatiya qurma qabiliyyətində və uşaqda etik davranışların formalaşmasında inanılmaz dərəcədə təsirli bir vasitədir. Bəzən bir sadə nağıl, uşağın düşüncəsində o qədər güclü iz buraxır ki, illərlə unudulmur.
Əgər biz hər axşam övladımıza bir nağıl danışsaq, özümüzdən uydurduğumuz və ya klassik nağıllardan biri olsa belə, həmin 10–15 dəqiqəlik zaman dilimi onun gələcək həyatına yön verə bilər. Həm uşağın təxəyyülü inkişaf edər, həm də valideyn-övlad münasibətləri arasında güclü bir bağ yaranar.
Unutmayaq ki, nağıl şiddətə yer vermədən tərbiyə edir, sevgi ilə yönləndirir, qorxu yaratmadan mesaj verir. Təbii ki, burada əsas öhdəlik valideynə düşür. Çünki uşağın yaşına uyğun, ona maraqlı və öyrədici nağıl seçimləri edilməlidir. Bir valideynin “onu etmə!” deməklə əldə edə bilmədiyi nəticəni, bir sadə hekayə ilə əldə etmək mümkündür. Uşaq öyrəndiklərini qorxu ilə deyil, maraqla, sevgi ilə qəbul edir və bu, onun şəxsiyyətinin daha sağlam formalaşmasına şərait yaradır.
Gələcəyin güvənli, sağlam düşüncəli, mərhəmətli və dürüst insanlarını yetişdirmək istəyiriksə, onlara tərbiyəni sevgi ilə ötürməliyik. Sevginin isə ən təsirli dili nağıldır.
Unutma, bəzən bir nağıl, yüz nəsihətdən daha çox iz buraxa bilər.