Nağıl

7 Dinozavrın böyümə sirri🦕🦖

(Yazar: Günel Vaqifli Məmmədova)

Biri var imiş, biri yox imiş, çox uzaq diyarlarda, yaşıl meşələrin dərinliyində 7 balaca dinozavr yaşayırmış.
Bu balacalar o qədər kiçik imişlər ki, böyük otların arasında itir, görünməz olurlarmış.

Bir gün bu balaca dostlar bir yerə yığışıb qərara gəlirlər:
— Gəlin görək, necə tez böyüyə bilərik!

Beləliklə, meşəyə doğru yola düşürlər. Böyük heyvanlardan böyüməyin sirrini öyrənmək istəyirlər.

Az gedib, çox gedib böyük bir filə rast gəlirlər.
Fili görən kimi heyran-heyran baxır və soruşurlar:
— Ay Fil qardaş, sən necə belə böyük olmusan?

Fil qulaqlarını yellədib gülümsəyir:
— Mən hər gün sağlam yeməklər yeyirəm, çox su içirəm və səhərlər idman edirəm!

Dinozavrlar başlarını yelləyib yollarına davam edirlər.

Bir az gedəndən sonra uzun boylu bir zürafə ilə qarşılaşırlar.
Sevinərək soruşurlar:
— Ay Zürafə qardaş, sən necə belə ucalmısan?

Zürafə boynunu göyə qaldırıb cavab verir:
— Mən hər gün təzə yarpaqlar yeyirəm, günəş altında gəzirəm. Günəş məni güclü edir!

Dinozavrlar yenə başlarını yelləyib düşünürlər.

Sonra böyük, tüklü bir ayı qarşılarına çıxır.
Hamısı bir ağızdan soruşur:
— Ay Ayı qardaş, sən necə belə güclü olmusan?

Ayı bığlarını qaşıyaraq gülümsəyir:
— Mən bal yeyirəm, meyvə və tərəvəzlə qidalanıram. Hər gün yaxşı yatıram, bədənim də ona görə böyüyür!

Dinozavrlar bir-birinə baxır və bir az da fikirli yola davam edirlər.

Amma yenə də tam başa düşmürlər ki, görəsən hansı sirr daha vacibdir?
Çünki hər heyvan ayrı şey deyirdi…

Birdən qarşılarına ağappaq tısbağa çıxır.
Tısbağa onların kədərli halını görüb yaxınlaşır və mehribanlıqla soruşur:
— Niyə belə bikefsiniz, balaca dostlarım?

Dinozavrlar bir az kefsiz cavab verirlər:
— Biz böyümək istəyirik. Fili, zürafəni, ayını sorğu-suala tutduq. Hərəsi bir şey dedi. İndi daha da çaşmışıq.

Tısbağa başını yelləyib, mehribanlıqla gülümsəyir:
— Balaca dostlarım, hər birinin dediyi doğrudur.
Böyümək üçün çox su içmək lazımdır — bunu fil dedi.
Təzə yarpaqlar yemək və günəşdə gəzmək vacibdir — bunu zürafə dedi.
Bal, meyvə, tərəvəz yemək, yaxşı yatmaq da çox önəmlidir — bunu da ayı öyrətdi.

Amma bütün bunlarla yanaşı, hər səhər sağlam qidalar yeməlisiniz:
Bal, yumurta, yağ yemək; axşamlar isə qatıq və süd içmək də çox vacibdir.
Ən əsası da şirniyyatdan, şokoladdan uzaq durun və səbrli olun.
Çünki böyümək bir gündə olmur, zaman və qayğı istəyir!

Dinozavrların gözləri par-par parıldayır!
Sevinə-sevinə deyirlər:
— Biz hər şeyi edəcəyik! Söz veririk!

Evə qayıdan kimi tısbağanın və digər dostların dediklərini yerinə yetirməyə başlayırlar:
Hər gün sağlam qidalanır, bol su içir, günəşdə gəzir, yaxşı yatırdılar.

Günlər keçir… və balaca dinozavrlar hər gün bir az da böyüyürlər!
Artıq heç kim onları çəmənlikdə tapa bilmirdi, çünki onlar böyük, sağlam və güclü olmuşdular!

Beləcə, balaca dinozavrlar böyüməyin sirrini tapdılar:
Sağlam qidalanmaq, günəşdə olmaq, su içmək, yaxşı yatmaq və çoxlu səbirlə böyümək!

Nağıl da burada bitdi, balaca dostlarım.
Siz də sağlam qidalanın, təmiz havada gəzin və səbirlə gözəl böyüyün!

Günel Vaqifli Məmmədova

Sözlərin gücünə inanan və hər bir mətnin arxasında duran emosiyaları hiss etməyi sevən bir kontent menecerəm. Adım Günel Vaqifli Məmmədovadır və SEO sahəsində 5 ildən çox təcrübəyə sahibəm. Bu müddət ərzində Azərbaycanın aparıcı şirkətləri üçün yüksək keyfiyyətli və SEO-ya uyğun məzmunlar hazırlayaraq, onların axtarış sistemlərində daha görünən olmalarına kömək etmişəm. Xüsusilə e-ticarət, bank, tuzim, texnoloji cihazlar və telekommunikasiya kimi sahələrdə fəaliyyət göstərən şirkətlərin veb-saytları üçün məqalələr və bloq yazıları hazırlamaqla yanaşı, son 2 ildir kontent komandasına rəhbərlik edirəm. Google Search Console, Ahrefs, GA4, SEMrush kimi SEO alətlərindən istifadə edə, həmçinin Magento, WordPress, WooCommerce, OpenCart kimi platformalarda işləyə bilirəm. Mənim üçün hər bir məqalə, yalnız axtarış sistemlərində yüksək mövqelər tutmaq üçün deyil, həm də oxuculara dəyərli məlumat vermək üçün yazılır. Məqsədim informasiyanın dəqiqliyini təmin etməklə yanaşı, oxucuların marağını oyatmaq və onlara fayda verməkdir. Bu platformada təcrübələrimi, biliklərimi və yaradıcı fikirlərimi sizinlə bölüşmək istəyirəm. Çünki inanıram ki, sözlər yalnız məlumat daşıyan simvollar deyil, həm də insanları birləşdirən, onlara ilham verən və yeni dünyalar kəşf etməyə kömək edən bir vasitədir. Mənimlə əlaqə saxlamaq və daha çox məlumat əldə etmək üçün sosial media hesablarımdan və ya e-mail ünvanımdan istifadə edə bilərsiniz. Gəlin, birlikdə yeni dünyalar yaradaq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Share via
Copy link