Bütöv bir Snickers-i yeməyin xoşbəxtliyi

Niyə köhnə brendlər yadda qalır, amma indiki brendlər yox olur?
Uşaqlığımızda bir Snickers vardı. O təkcə bir şokolad deyildi. O paylaşmaq idi, sevinmək idi, evə gəldiyində bir ailənin ətrafına toplaşdığı ləzzətli bir dad idi. Bütöv şəkildə yemək qadağan olunmasa da, mümkün də deyildi, çünki həmişə bölünərdi. Kimisinə ucu, kimisinə ortası, bəzən də ən şanslısına daha çox fındıqlı hissəsi düşərdi. Amma əsas məsələ bu deyildi. Əsas məsələ Snickers-in xatirəyə çevrilməsiydi.
Bu gün biz marketdə hər bu brendin məhsulunu gördüyümüzdə həmin o xatirələr gözümüzdə canlanır, köhnə reklam çarxını xatırlayırıq. Bəs indi?
O illərdə hər şey daha sadə, hər şey daha qiymətli idi. Aldığımız bir saqqız qutusundan çıxan şəkil belə bizə dünyaları bəxş edirdi. Brend deyəndə yalnız ad yox, bir duyğu başa düşülürdü. Snickers-in “Acmısan? Dayanma Snickers ye!” sözləri hələ də qulağımızdadır, ilk günkü kimi. Bu brend “acam” deyən uşağa dost, imtahandan çıxan yeniyetməyə mükafat, maaş alan ataya evə gətiriləcək kiçik olsa belə böyük sevincə səbəb olan hədiyyə idi.
İndi hər gün onlarla yeni marka görürük. Televizoru açırsan onlarla yeni reklam, sosial şəbəkələrə girisən yüzlərlə brend yağışı. Amma baxırsan, heç biri iz buraxmır. Gəlirlər, keçirlər, unudulurlar. Çünki artıq heç biri o sarı simi tərpədə bilmir, heç biri “həmin o hisləri” yaşatmır. Yəni bizi gülümsətmir, sevindirmir, “aaa yadındadır?” dedirtmir. Bu brendlər çox danışır, amma bizə toxunmur. Çünki indi hamısı satmaq istəyir, amma heç biri hiss etdirmək istəmir.
Halbuki bir brendin ömrü onun reklam büdcəsi ilə ölçülmür. Onun əsl ömrü insanların yaddaşında nə qədər yaşadığı ilə ölçülür.
Düşünürəm ki, bir çox brendlər sadəcə vitrində bir ad, bir loqo olaraq qalır. Onları alıcılarla bir bağ qura bilmir, bizim qəlbimizə toxunmurlar.
Bəzən isə fikirləşirəm…
Bəlkə də, Snickers elə ona görə bu qədər dadlı idi. Çünki onu tək yemirdik.