Sevgi

Sevgi insanın daxilindən doğan ən güclü və səmimi hissdir. O, bəzən bir baxışda, bəzən bir toxunuşda, bəzən isə səssizcə yanında olmaqda özünü göstərir. Sevgi, yalnız sözlə deyil, əməllə ifadə olunan bir bağlılıqdır. Bu hiss insanı sakitləşdirir, gücləndirir və həyatı daha mənalı edir. Gerçək sevgi dəyişməz, gözləməz və qarşılıq axtarmaz, o, sadəcə var olar və yaşadar.
İnsan nə olmadan yaşaya bilməz? Yemək? Su? Hava? Bu suallara əksəriyyət belə cavab verir. Bəli, bunlar yaşamaq üçün təməl fiziki ehtiyaclardır. Amma insanı sadəcə canlı orqanizm kimi deyil, həqiqi mənada “insan” edən başqa bir şey də var: sevgi.
Sevgi sadəcə romantik hisslər deyil. O, ana qucağında bir körpəyə verilən istilikdir, dostun bir çətin anında dediyi “yanındayam” sözüdür, həyat yoldaşının susaraq belə anlayış göstərməsidir. Sevgi, həyatın hər anında və hər münasibətdə var. Amma çox zaman bunu dərk etmədən yaşayırıq.
Sevgi yoxdursa nə baş verir?
Tarixdə aparılmış bəzi təcrübələr var ki, insanı dərin düşüncələrə salır. Onlardan biri də 13-cü əsrdə II Frederik tərəfindən həyata keçirilmiş təcrübədir. O, dilin mənşəyini öyrənmək üçün 50 körpəni ailəsindən ayırdırmış, onlarla heç bir ünsiyyət qurulmadan böyüdülmələrini istəmişdi. Körpələrin yalnız fiziki ehtiyacları qarşılanırdı; yemək verilir, altları dəyişdirilirdi. Amma onlara baxanlar nə danışır, nə göz kontaktı qurur, nə də təbəssüm edirdilər.
Nəticə isə çox acı oldu: körpələr cəmi 4 ay yaşaya bildi. Həkimlər və psixoloqlar bunu belə izah etdilər: sevgi və emosional əlaqə görməyən uşaqların beyinlərindəki həyati mərkəzlər öz fəaliyyətini zəiflətdi. Onlar yaşamaq istəmədi. Bu təcrübə insan təbiətinin ən dərindən gələn ehtiyacını – sevgi və qayğını – bütün aydınlığı ilə sübut etdi.
Sevgi təkcə uşaqlara deyil, böyüklərə də lazımdır
Biz böyüdükcə sevgi ehtiyacımız yox olmur, sadəcə şəkil dəyişir. Uşaqkən ana qucağında axtardığımız sevgi, böyüyəndə anlayışlı dostda, qayğıkeş partnyorda, dəstək olan ailədə davam edir. İstənilmək, qiymət verilmək, dinlənilmək – bunlar insanın mənəvi mövcudluğu üçün hava kimi vacibdir.
Təəssüf ki, bəzən sevgi olmayan ailələrdə, dostluqlarda və ya iş mühitində insanlar tükənmişlik, dəyərsizlik hissi yaşamağa başlayır. Bu, onların psixoloji və fiziki sağlamlığına da təsir edir. Stress, depressiya, hətta bəzi xəstəliklərin kökündə sevgi və diqqət çatışmazlığı dayanır.
Sevgi insanı dəyişir
Sevgi görən insan daha mərhəmətli, daha anlayışlı və daha yaradıcı olur. Bir uşağa verilən sevgi, onun gələcək həyatında inamlı və xoşbəxt biri olmasına səbəb ola bilər. Eyni ilə bir yaşlı insan, sadəcə ona verilən bir neçə xoş sözlə, gününü daha parlaq yaşaya bilər.
Bu səbəbdən sevgini bir ehtiyac deyil, bir məsuliyyət kimi qəbul etməliyik. Sevgini yalnız almağa deyil, verməyə də hazır olmalıyıq. Unutmayaq: insan, sevgi gördüyü yerdə çiçək açır, sevgi görmədiyi yerdə isə solur.
Belə nəticəyə gələ bilərik ki, bəli, insan yeməksiz, susuz və havasız yaşaya bilməz. Amma sevgisiz bir həyat da nə fiziki, nə də mənəvi olaraq tamdır. Əgər yaşamaqdan zövq almaq, ruhən güclü olmaq və əsl mənada insan qalmaq istəyiriksə, sevgi həm qəbul etdiyimiz, həm də verdiyimiz ən vacib ehtiyacdı.