Ağlayan oyuncaqlar

Bir zamanlar Onur adlı bir oğlan var idi. O, oyuncaq dolabının qarşısında saatlarla vaxt keçirər, bir an maşınları sürər, bir an kubiklərlə qəsr tikər, sonra da legolarla öz dünyasını qurardı. Oyuncaqları onun ən yaxın dostları idi. Lakin Onurun bir zəifliyi vardı: istədiyi kimi alınmayanda tez əsəbiləşirdi.
Bir gün o, qırmızı maşınını yerə çırpdı. Səbəb isə sadə idi, maşın sürətli getmirdi. Ardınca kubikləri havaya sovurdu, çünki tikdiyi qala yıxılmışdı. Nəhayət, legoları bir kənara tulladı – istədiyi forma alınmamışdı. Oyuncaqların bəziləri qırıldı, bəziləri cızıldı. Onur isə onların hamısını bir-bir zibil qabına atdı və üzünü turşudaraq otağından çıxdı.
Bütün bu səhnəni səssizcə izləyən anası axşam Onurun yanına gəldi. Onun qarşısında oturub mehriban, lakin ciddi səslə soruşdu:
– Oğlum, sən niyə oyuncaqlarını qırırsan?
Onur çiyinlərini çəkib dedi:
– Çünki onlar məni əsəbiləşdirirlər. Maşın getmir, kubiklər yıxılır, legolar düz yapışmır!
Anası yavaşca Onurun əllərindən tutdu:
– Oyuncaqlar səni əsəbiləşdirə bilməz, oğlum. Bəlkə də sən onlardan çox şey gözləyirsən. Amma unutma, oyuncaqlar da yorula bilər.
Onur gözlərini böyüdüb təəccüblə soruşdu:
– Oyuncaqlar yorular? Axı onlar canlı deyil…
Ana gülümsədi və dedi:
– Canlı olmasalar da, onların da bir canı var, sənin xəyallarında. Sən hər dəfə bir oyuncağı yerə çırpanda, onu zibilə atanda, o can qırılır. Sənə dostluq etmək istəyən oyuncaqlar səndən inciyir, küsür. Onlar ağlayırlar, sadəcə səssiz ağlayırlar…
Onur qaşlarını çataraq dilləndi:
– Oyuncaqlar ağlaya bilməz, küsə bilməz. Onların gözü, ayağı, hissi yoxdur. Onlar bizim kimi deyillər, ana!
Ana bir anlıq susdu. Sonra mehribanlıqla dedi:
– Bəli, onların gözləri və əlləri yoxdur, amma sənin xəyal gücündə onlar canlıdır. Sən onları canlandırırsan, danışdırırsan, onlarla söhbət edirsən. Deməli, onların hissləri də var, sənin içində. Əgər sən oyuncağına “dostum” deyirsənsə, ona necə davranmağın da önəmlidir.
Onur susdu. Gözlərini bir nöqtəyə zilləyib düşündü. Sonra asta səslə dedi:
– Amma mən istəyirdim hər şey mükəmməl olsun.
Ana oğlunun başına sığal çəkərək davam etdi:
– Bəzən mükəmməllik səbir tələb edir. Əgər bir oyuncaqla oynayanda hər şey yolunda getmirsə, bir az fəsilə ver, başqa oyuncağa keç, sonra yenidən cəhd et. Oyuncaqları düzgün yerləşdirsən, incitməsən, onların da səninlə oynamaqdan zövq alacağını görəcəksən.
Ana oğlunun başını sığallamağa davam etdi və sanki nağıl danışırmış kimi pıçıldadı:
– Oyuncaqlar bizim dostlarımızdır, Onur. Sən heç dostunu vurub qırarsan? Dostluq anlayışı hörmətlə başlayar.
Onur bu dəfə heç nə demədi. Sadəcə başını aşağı saldı və düşündü. Düşündü ki, bəlkə oyuncaqların ağlaması səssizdir, amma onun qəlbində bir iz buraxır…
Həmin gecə Onur yata bilmədi. Başını yastığa qoysa da, düşüncələri qarışıq idi. Zibil qabındakı qırmızı maşın gözünün önünə gəldi. Durub sakitcə yerindən qalxdı, oyuncağı götürdü, bir az təmizlədi və pəncərənin yanına qoydu.
Sonra bütün oyuncaqlarının qarşısında dayandı və asta səslə dedi:
– Bağışlayın… Söz verirəm, bir də sizi incitməyəcəyəm.
Ertəsi gün Onur daha fərqli idi. Artıq o, oyuncaqları ilə diqqətlə oynayır, biri alınmayanda üzülmür, səbir göstərir, fəsilə verir, sonra yenidən cəhd edirdi. Oyuncaqlar isə sanki ona cavab verir kimi daha sağlam qalır, daha gözəl birləşirdi.
Anası onu seyr edərək gülümsədi. O bilirdi ki, Onur böyüyürdü. Təkcə yaşda yox, ürəkdə də…
Və beləcə, oyuncaqlar artıq ağlamırdı. Onlar gülürdü. Onurla birlikdə.
Yazar: Günel Vaqifli Məmmədova